Bakı. Kəmalə Quliyeva - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “İstedadlı uşaqlar festivalı -2013” keçirib.
APA-nın xəbərinə görə, festivalda respublikanın bütün şəhər və rayonlarından 2012-2013-cü illər ərzində beynəlxalq və ölkə səviyyəli tədbirlərdə ən yüksək nəticə qazanmış istedadlı uşaqlar iştirak edib.
Tədbir istedadlı uşaqların nailiyyətlərini əks etdirən sərgiyə baxışla başlayıb, rəsmi hissədən sonra istedadlı uşaqların mükafatlandırılması mərasimi keçirilib, və uşaqların çıxışlarından ibarət bədii hissə ilə davam edib.
Komitə sədri Hicran Hüseynova bildirib ki, tədbirin təşkilində əsas məqsəd diqqəti bir daha qüsurlu uşaqların problemlərinə cəlb etməkdir: “Azərbaycanda uşaq siyasəti çox təkmilləşdirilib. Uşaqlar bizim gələcəyimizdir. İndidən uşaqlara nə qədər diqqət göstərsək, gələcəyimizi bir o qədər güclü etmiş olacağıq. Azərbaycanda 25 Dövlət Proqramı qəbul olunub. Bütün Dövlət Proqramlarında uşaqların problemlərinin həlli ilə bağlı xüsusi bəndlər var”.
Tədbirdə həmçinin millət vəkili Qənirə Paşayevanın “Dünyanı dəyişən dahilər” kitabının təqdimat mərasimi keçirilib.