Gəncə. Azər Məmmədli – APA. Gəncə 2016-cı ildə “Avropanın Gənclər Paytaxtı” olmaq hüququ qazandıqdan sonra Avropanın müxtəlif ölkələrindən olan gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə şəhərdə tədbirlər keçirilməyə başlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə təşkil olunan tədbirdə 10 Avropa ölkəsindən - Türkiyə, Polşa, Rumıniya, İtaliya, Ukrayna, Gürcüstan, İspaniya, Niderland və Bolqarıstandan olan 65 nəfər müxtəlif gənclər təşkilatlarının nümayəndələri, yerli tələbə və gənclər təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi Azərbaycanda gənclər siyasətinin uğurla aparmasının nəticəsidir. O, Gəncədə 2016-cı ilə hazırlıq işlərinin artıq başlandığını deyib. Bu məqsədlə yaxın vaxtlarda Gəncədə böyük infrastruktur layihələrinə start veriləcək: “Bugünkü tədbirdə təşkilat komitəsi yaradılacaq və bu komitədə Gəncədə görüləcək işlər müzakirə olunacaq. Gənclərin fikir və təklifləri də dinləniləcək”.
Daha sonra yerli və xaricdən qonaq gələn gənclər Avropa gənclər paytaxtı olacaq Gəncədə nələr görmək istədikləri ilə bağlı təkliflərini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il 21 noyabr tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunub.