Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti başladığı dövrdən indiyə kimi 150 mindən çox insana xidmət göstərilib. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. O bildirib ki, hazırda 3 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, bunların 2-si Bakıda, 1-i isə Sumqayıtdadır.
İ. Kərimov qeyd edib ki, bu ilin sonuna kimi Bakıda daha 2 mərkəz və Gəncədə yeni xidmət mərkəzi açılacaq. Agentlik sədri vurğulayıb ki, mərkəzlərin açılması ləngiyən bölgələrə xüsusi avadanlıqlarla təchiz olunan avtobuslar göndəriləcək və insanlara xidmət göstəriləcək. Sağlamlıq imkanları məhdud olan insanlar üçün mobil asan xidmətlər də fəaliyyət göstərəcək ki, bunun vasitəsilə mərkəzin məsul şəxsləri konkret ünvanlara gedib vətəndaşlara xidmət edəcəklər: “Vətəndaşlar xidmət alan zaman vaxt qazanmalıdır. Bunun üçün də “ASAN xidmət” mərkəzlərində lazım olan bütün şərait yaradılıb. Şəffaflıq bizim sahədə əsas məsələdir. Burada ən vacibi maliyyə məsələləridir. “ASAN xidmət” mərkəzlərində korrupsiya halları mümkün deyil. Belə hallar aşkarlanarsa o zaman həmin şəxs işdən azad olunaraq, cinayət məsuliyyətinə cəlb ediləcək”.