Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutun təşkilatçılığı ilə “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı: təşkilatçılar və qatillər” kitabının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, rus dilində nəşr olunan kitabda Azərbaycan həqiqətləri, 1918-ci il ermənilərin azərbaycanlılara qarşı törədiyi soyqırım tarixi sənədlərlə öz əksini tapıb: “Bu əsər üzərində tarixçi alimlərimiz böyük işlər görüblər. Çox istərdik ki, Azərbaycan ziyalıları kitabdakı tarixi araşdırmalarla dərindən tanış olsunlar”.
Onun sözlərinə görə, kitabdakı tarixi sənədlər bir daha sübut edir ki, 1918-ci ildə baş verən azərbaycanlılara qarşı kütləvi qırğınlara Stepan Şaumyan rəhbərlik edib: “Yəni kitabda sübut olunur ki, Şaumyan öz səlahiyyətlərindən istifadə edərək, erməniləri müdafiə edir. Eyni zamanda bu kitabda yeni sənədlər ortaya qoyulub”.