Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində növbəti layihəsi “Doğma Qarabağım” gənclərin yaradıcılıq festivalıdır. Fonddan APA-ya verilən məlumata görə, bu layihə qaçqın məktəblərində oxuyan yeniyetmə və gənclərin Qarabağla bağlı çəkdikləri rəsmlərin, hazırladıqları əl işlərinin ölkə ictimaiyyətinin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların diqqətinə çatdırılması işini həyata keçirəcək.
Layihənin ideya müəllifi və rəhbəri Sərraf Hüseynovun bildirdiyinə görə, layihənin əsas məqsədi öz doğma torpaqlarından didərgin düşmüş yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara öz yaradıcılıq imkanlarını genişləndirmək üçün dəstək göstərilməsi və bu gənclərin yaradıcılıq nümunələri vasitəsilə Qarabağ həqiqətlərinin tanıdılmasıdır.
Qeyd olunub ki, Bakı şəhərində, şəhərətrafı kəndlərdə, Azərbaycanın regionlarında yaşayan bu gənclərin müəyyən olunması, onların yaradıcılıq nümunələrinin toplanması, şeir və hekayələrinin çap edilməsi, bütün yaradıcı gənclərin festivala cəlb olunması əsas görüləcək işlərdir.