Bakı. Gülnar Bəşirova - APA. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Hemofiliya haqqında nə bilirik?” və “Hemofiliya irsi xəstəlikdir” mövzusunda tədbir keçirib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bildirib ki, bu il də rəhbərlik etdiyi Assosiasiya Dünya Hemofiliya Günü münasibətilə təbliğat və maarifləndirmə işlərini davam etdirir: "Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycan artıq 15 ildir bu günü qeyd edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də mütəmadi olaraq bizimlə birgə fəaliyyət göstərir".
Elmi Praktik Hemofiliya Mərkəzinin sədri Elmira Qədimova Azərbaycanda yaşayan hemofiliyalı vətəndaşların məlumat bankında təhlil edilmiş 2013-cü ilə aid olan statistik göstəricilərinə əsasən, 18 yaşa qədər 350, 18-40 yaşa qədər 700, 40 yaşdan yuxarı 402 nəfər təşkil edir. Bu ilin yanvar ayından etibarən isə 22 yeni xəstə qeydiyyatdan keçib. Bu da əlbəttə ki, qorxuludur. Eyni zamanda bizim araşdırmalarımıza görə, hazırda bu xəstəliyin 300 min da daşıyıcısı olduğu ehtimalı da var”.
Tədbirdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Səhiyyə və Gənclər və İdman Nazirliyinin nümayəndələri də iştirak edib.
Qeyd edək ki, hemofiliya irsi qan xəstəliyidir. Qanın laxtalanma faktorlarının çatışmazlığı nəticəsində, müalicə olunmadığı təqdirdə hemofiliyalı uşaq erkən yaşlarından əlil olur və ölümlə üz-üzə qalır.