Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü ildə keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi və 2-ci “Şuşa qrantı” birgə müsabiqəsi çərçivəsində qalib olmuş layihə rəhbərləri ilə təqdimat xarakterli ənənəvi görüş keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babyev bildirib ki, 2-ci “Şuşa qrantı” müsabiqəsi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə 10 may tarixində elan edərək keçirilib. Onun sözlərinə görə, müsabiqənin məqsədi Qarabağın tarixinin, qeyri-maddi və maddi-mədəni irsinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla tədqiq olunmasının dəstəklənməsidir. Müsabiqə nəticəsində 10 qalib müəyyənləşdirilib və qalib layihələrin maliyyələşdirilməsi üçün Elmin İnkişafı Fondu tərəfindən 30000 manat həcmində qrant ayrılıb. Qalib layihələr AMEA-nın bir sıra institut və təşkilatlarında, ali təhsil müəssisələrində, həmçinin digər dövlət və qeyri-dövlət qurumlarında yerinə yetiriləcək. bütün layihələr yerinə yetirildikdən sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulub və bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində istifadə olunacaq”.
E.Babayev qeyd edib ki, 2013-cü ildə elan olunaraq həyata keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsində 25 qalib layihə müəyyənləşib və bunların yerinə yetirilməsi üçün 50000 manat məbləğində vəsait ayrılıb. Qalib layihələrdən 20-si fundamental tətbiqi xarakterlidir, 3-ü isə müasir cihaz və avadanlıqların təminatını nəzərdə tutur. 2 layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunacaq.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 1-ci katibi Günay Əfəndiyeva bu mövzulu layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, belə tipli layihələrin həyata keçirilməsi Dağlıq Qarabağın təhlükə altında olan maddi-mənəvi irsinin qorunması, humanizm, sülh ideyalarının təbliği baxımından olduqca vacibdir. G. Əfəndiyeva qeyd edib ki, dövlət tərəfindən də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm işlər görülür və bu istiqamətdə aparılan siyasət özünü dünyada doğruldub.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Elmin İnkişafı Fondu ilə “I Şuşa qrantı” layihəsi üzrə əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada yeni innovativ fikirlər, yanaşmalar var: “Onların hər birini bizim mübarizəyə bir dəstək addımı kimi qiymətləndiririk. Hər bir həyata keçirilən layihə qələbə gününü bizə yaxınlaşdırır. Biz Elmin İnkişafı Fondu və bu istiqamətdə müxtəlif işlər həyata keçirən təşkilatlara olan dəstəyimizi əsirgəməyəcəyik”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev elmlə bağlı bir neçə layihənin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, gənclərin elmə yönəlməsini stimullaşdırmaq üçün Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edilir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.
Daha sonra tədbirdə millət vəkilləri Bəxtiyar Əliyev, Musa Qasımlı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və digərləri çıxış edərək fikirlərini bildiriblər.