Bakı. Etibar Məmmədov – APA. Bakıda “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov film haqqında danışaraq bildirib ki, film Azərbaycan mədəniyyəti, işğala məruz qalan torpaqlar və Qarabağ atlarından bəhs edir: “İstənilən mövzuda çoxsaylı əsərlər yaratmaq olar. Lakin həmin əsərlərin ana xəttini vətənə sevgi təşkil etməsə, o əsər uzun müddət yaşaya bilməz. Bu film də demək olar ki, vətənlə, işğal olunmuş torpaqlarımız, Qarabağ atları, mədəniyyətimiz və tariximizlə bağlıdır”.
Sonra təxminən 40 dəqiqəlik film tədbir iştirakçılarına nümayiş etdirilib.
“Kaspi” qəzetinin təsisçisi, filmdə səslənən şeirlərin müəllifi Sona Vəliyeva ekran əsəri haqqında fikrini bildirib. O deyib ki, doğulduğu bölgədən asılı olmayaraq, hər bir azərbaycanlı Qarabağı, Şuşanı öz evi bilməlidir: “Bu film atlarla başlayır. Çünki at muraddır, böyük gücün, etibarın ifadəsidir. Bu atlar filmə türkçülük simvolu verib. Biz ümid edirik ki, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Bu gün hər birimiz Şuşanı öz evimiz bilməliyik. Şuşa hər birimizin qapısı bağlanan evimizdir. Biz o qapını açmalıyıq. Qarabağ məsələsində iqtidar və ya müxalifət olmasından asılı olmayaraq hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı filmi gözəl bir sənət əsəri və təbliğat vasitəsi kimi qiymətləndirib.
Digər iştirakçılar da film haqqında öz fikirlərini bildiriblər.