Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin deputatı Musa Quliyevin (Urud) “Zəngəzur toponimləri” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən millət vəkili Mübariz Qurbanlı deyib ki, Ermənistan ərazisində qalmış Qərbi Azərbaycan ərazisindəki toponimlərin hamısı qədim türk adlarıdır, sonrakı dövrlərdə ermənilər bu yer adlarını dəyişdirib, tarixi saxtalaşdırmağa çalışıblar: “Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasından 25 il keçir. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Eyni zamanda bu faktı beynəlxalq səviyyədə qaldırmaq üçün işlər aparırıq. Bu kitab özü bizim əlimizdə bir faktdır”.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov kitabın əhəmiyyətindən danışıb. O bildirib ki, kitab Zəngəzuru görməyənlərə onu daha yaxından anladır və izah edir.
Mili Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd edib ki, ermənilər hələ sovet dövründən tarixi yer adlarını saxtalaşdırmaqla məşğul olublar: “Kitabda çox sayda toponimlər tayfaların adları ilə izah olunur. Əsər tarixi əhəmiyyət daşıyır və ermənilərin yalanlarının ifşa edilməsində mühüm əhəmiyyət daşıyır”.
AMEA-nın müxbir üzvü Vəli Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, deputat Fəzail Ağamalı və digər şəxslər də çıxış edərək kitab barədə fikirlərini bildiriblər.