Bakı-APA. Bu gün «Akkord» Korporasiyasının əməkdaşları Novruz bayramı ilə əlaqədar internat evlərini ziyarət ediblər. Direktorlar Şurasının qərarı ilə korporasiya nümayəndələri əvvəlcə himayədarlıq etdikləri Saray qəsəbəsindəki 7 saylı uşaq evinə baş çəkib. Bu internat evində yaşayan əqli və fiziki cəhətdən qüsurlu uşaqlara bayram sovqatı olraq cürbəcür oyuncaqlar, şəxsi gigiyena vasitələri, uşaq arabaları, eyni zamanda çeşidli ərzaq məhsulları və şirniyyatlar paylanıb. Uşaqlar isə, öz növbələrində, himayədarlarını gözəl mahnılar və rəqs nömrələri ilə təbrik ediblər. İnternat evinin bütün kollektivi «Akkord» nümayəndələrinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.
Bundan sonra, korporasiyanın sovqat karvanı Xəzər rayonu 3 saylı uşaq evinə yollanıb. «Akkord» korporasiyanın nümayəndə heyəti burada uşaqların bayram naharında da iştirak edib.
Uşaqlar bayramı gözəl musiqi və rəqs nömrələri ilə qeyd ediblər. Müəssisə rəhbərliyi göstərilən qayğı və diqqətə görə, «Akkord» rəhbərliyinə və kollektivinə minnətdarlıq edib.
Korporasiyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva hər iki İnternat evinin kollektivi qarşısında çıxış edərək onları Korporasiyanın Direktorlar Şurası və bütün kollektivi adından bayram münasibətilə təbrik edib, müəllim və tərbiyəçilərə isə dərin təşəkkürünü bildirib: “Sizin əməyinizin qiyməti yoxdur. Bu uşaqların nazını çəkib, qayğısına qaldığınız üçün qarşınızda baş əyirik. Korporasiyamızın kollektivi adından Sizlərə səbr, düzüm, can sağlığı və sevgi arzulayırıq”.