Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət Proqramı çərçivəsində təhsilini müvəffəqiyyətlə bitirən məzunların sayı 478 nəfərdir. Dövlət hesabına xaricdə təhsil alan gənclərdən xarici ölkələrdə qalıb, təhsilini növbəti səviyyələr üzrə davam etdirən və ya nüfuzlu beynəlxalq təşkilat, şirkətlərdə aparıcı mövqelərdə çalışanlar var. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə nazirlik arasında imzalanan müqaviləyə uyğun olaraq həmin gənclər məzun olduqdan sonra vətənə qayıtmalı və Azərbaycanda özəl və ya dövlət sektorunda 5 il müddətinə çalışmalıdırlar.
İndiyədək təhsilini bitirən 478 məzundan 118 nəfəri Azərbaycana qayıtmayıb, 342 nəfəri isə qayıdıb. 18 nəfərin hazırda ölkədə olub-olmaması və iş yeri barədə nazirliyə məlumat təqdim edilməyib. Qayıtmayan 118 məzundan 51-i təhsilini Dövlət Proqramı çərçivəsində, 34-ü öz hesabına davam etdirir, 33-ü isə xaricdə çalışır.
Azərbaycana qayıdan 342 nəfərdən isə 204-ü ölkədə çalışır, 131-i iş yeri barədə nazirliyə məlumat daxil etməyib, 7-si hərbi xidmətdədir.