Bakı. Viktoriya Dementyeva - APA. ABŞ və Azərbaycan hökuməti Azərbaycanda səhiyyə sahəsində tərəfdaşlığın 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə USAİD tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin Gücləndirilməsi” (ASG) layihəsinin başa çatması və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanın səhiyyə sektorunda on ildən artıq göstərdiyi yardımın bitməsi qeyd olunub.
Tədbirin açılışında ABŞ-ın Azərbaycandakı səfir Riçard Morninqstar bildirib ki, indi Azərbaycanın bir çox səhiyyə işçiləri daha təhlükəsiz doğuşlar həyata keçirir, yeni doğulmuş körpələrə daha yaxşı qulluq edir, vərəmin aşkarlanması və müalicəsində daha yaxşı nəticələr əldə edirlər. Səfir həmçinin qeyd edib ki, ABŞ səhiyyə və təhsilə hökumət tərəfindən daha çox sərmayə qoyulmasını və bu sərmayələrin bütün Azərbaycan xalqı üçün bəhrə verməsini istəyir.
ASG layihəsini Azərbaycanda həyata keçirən “Abt Associated”in təmsilçisi qeyd edib ki, ölkədə bu layihənin şəffaf keçirilməsinə bütün şərait yaradılıb: “Ölkədə qaçqınların sayı nəzərə alsaq, humanitar yardıma yenə də ehtiyac var”.
ABŞ və Azərbaycan hökuməti Azərbaycanda səhiyyə sahəsində bu tərəfdaşlıq çərçivəsində səhiyyə siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində Səhiyyə Nazirliyinin bacarıqlarının artırılması, sübutlu təbabətin klinik protokolların tətbiq edilməsi vasitəsilə təqdim olunması, elektron səhiyyə informasiya sisteminin yaradılması, bölgədəki səhiyyə xidmətləri müəssisələrinə nəzarət imkanının artırılması və vərəm sahəsində qayğı və müalicə ilə əlaqədar kompleks məlumatları özündə birləşdirən məlumat bazası – “E-TB Menecer” proqramının tətbiq edilməsi əldə olunub.
Tədbirdə hökumət, vətəndaş cəmiyyəti və səhiyyə sektorlarından olan 100-dən çox nümayəndələri iştirak ediblər.