Bakı - APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Avropa Birliyinin Tempus proqramının Tempus Ritsa layihəsinin “Tempus Azərbaycanda: yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar” mövzusunda yekun konfransı keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, Milli Tempus layihəsinin rəhbəri Pərviz Bağırov, Avropa Birliyinin Tempus üzrə rəhbəri cənab Klaus Haupt iştirak edib.
Beynəlxalq konfransa ADU-nun tərəfdaşı olan Avropa universitetləri, Fransa, İtaliya, Almaniya, Türkiyə və Böyük Britaniyanın bir sıra aparıcı universitetlərindən nümayəndələr, müxtəlif sahələr üzrə, o cümlədən dil və linqvistika üzrə elm adamları, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin rektorları və nümayəndələri, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik korpuslarının əməkdaşları, bir sıra digər yerli və xarici nümayəndələr qatılıb.
Qeyd edək ki, konfrans sentyabrın 27-də Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda başa çatacaq.