Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda məişət zorakılığına məruz qalmış şəxslər və zorakılığı törədən insanlarla aparılan işin keyfiyyətini artırmaq və ilkin müdaxilə etmək üçün sığınacaq mərkəzlərinin sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinə ehtiyac var. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının ikinci günündə çıxışında deyib. O bildirib ki, ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaq. H. Hüseynovanın sözlərinə görə, aktual məsələlərdən biri də ailə, qadın və uşaq problemləri üzrə elmi tədqiqat institutunun yaradılmasıdır: “Komitədə İnformasiya və analitik araşdırmalar şöbəsi fəaliyyət göstərir. Lakin bu sahədə problemləri araşdırmaq üçün ailə, qadın və uşaq problemləri üzrə elmi tədqiqat institutunun yaradılması daha məqsədə uyğundur. Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu gələcək də davam etdiriləcək”.