Bank Of Baku

Akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - APA TV

Akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - <span style="color: red;">APA TV
# 05 iyun 2013 09:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Davamlılıq üçün fotosintez tədqiqatları - 2013: akademik Cəlal Əliyev” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

 

APA-nın xəbərinə görə, konfrans Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə keçirilir.

 

Konfransı giriş sözü ilə açan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanda bir çox beynəlxalq tədbirlərin keçirilməsi bir tərəfdən Azərbaycanın son illər qazandığı uğurlar, beynəlxalq və regional problemlərin həllində verdiyi töhfələr, digər tərəfdən isə ölkədə biliklərə əsaslanan yeni bir dövrün başlanması ilə əlaqədardır.

 

Onun sözlərinə görə, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, böyük problemlərin həllində öz töhfələrini verməkdədir: “Ərzaq, enerji təhlükəsizliyi kimi böyük problemlərin həllində Azərbaycan elmi də öz töhfələrini verməkdədir. Əslində fotosintez prosesinə kənardan baxanda sadə bir formul, kiçik proses kimi görünür. Fotosintezlə bağlı 240 ildən çoxdur ki, tədqiqatlar həyata keçirilsə də onun fundamental problemləri hələ də qalır. “Davamlılıq üçün fotosintez tədqiqatları-2013: akademik Cəlal Əliyev” adlı konfransın keçirilməsi də mövcud problemlərin həllinə yönəlib. Konfransda fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən, hidrogenin alınması və süni fotosintez kimi problemlər haqda geniş müzakirələr aparılacaq”.

 

Cəlal Əliyevin elmi fəaliyyəti ilə bağlı məlumat verən Ə.Abbasov qeyd edib ki, o, bütün çətinliklərə baxmayaraq, hər zaman elmə bağlı olub: “50 ildən çox elmi fəaliyyəti nəticəsində Azərbaycan elminin inkişafına bir çox töhfələr verib. Onun elm sahəsində əsas elmi nəticələrindən biri də 70-ci illərdə biologiya elminə digər elmlərin müdaxiləsini başlamaqla əlaqədardır. Ölkədə bio-informatika kimi elmin yaranmasında onun rolu var”.

 

Yubilyar Cəlal Əliyev isə çıxışında qeyd edib ki, bu gün prezident İlham Əliyev ölkədə elmin inkişafına intellektual sahələrə böyük diqqət və qayğı göstərir: “Bu da gələcəkdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. Bütün dünya ölkələrində nəzər saldıqda, görərik ki, iqtisadiyyatı yüksək olan ölkələrdə inkişaf etmiş elm var. Elmin inkişafı xalqa, ölkəyə öz iqtisadi nəticəsini verəcək. Azərbaycanda da elmə böyük şərait yaradılıb, diqqət göstərilir. Azərbaycan indi bir çox məhsullarla özünü lazımi səviyyədə təmin edir. Bütün bunlar isə ölkədə elmin inkişafına göstərilən diqqətin və qayğının nəticəsidir”.

 

Tədbirin davamında qonaqlar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, konfransda dünyanın 37 ölkəsindən 300-ə yaxın mütəxəssislər iştirak edir. “Davamlılıq üçün fotosintez tədqiqatları-2013: akademik Cəlal Əliyev” mövzusunda beynəlxalq konfrans iyunun 9-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR