Bakı. Könül Kamilqızı – APA. Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə İSİM-in direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilib: “Neçə-neçə insanın gözlərinə nur gətirən Zərifə xanım öz sahəsi üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi. Qəlbən təmiz, ruhən nəcib olan bu insan, sözün həqiqi mənasında, peşəsinin vurğunu idi. Onun insanlara nur bəxş edən hər mənalı günü xoş əməl naminə sərf olunub”.
Dəyirmi masada çıxış edən Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasının müdiri Paşa Qəlbinur, Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Rasim Hacıyev və digər qonaqlar Zərifə Əliyevanın elmi və ictimai fəaliyyətindən bəhs ediblər.