Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni yaradılan şöbələrinə təyinat yaxın 15-20 gün ərzində həyata keçiriləcək. Bu barədə APA-ya AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib.
Onun sözlərinə görə, həmin müddət ərzində yeni yaradılan şöbələrin əsasnamələri və ştat cədvəlləri hazırlanacaq.
R.Əliquliyev deyib ki, doktorantura və kadrlar şöbəsi ləğv olunsa da, doktorantura ilə bağlı məsələlər yeni yaradılan təhsil və kadrlar şöbəsində həll olunacaq: “Doktorantura ilə yanaşı, AMEA-da magistratura və institutların nəzdində baza kafedralarının yaradılması planlaşdırıldığı üçün bu şöbənin adı təhsil və kadr şöbəsi adlanıb. AMEA-da təhsil və elmin inteqrasiyası əməli müstəviyə keçəcək. Artıq Akademiya rəhbərliyi tərəfindən AMEA-da magistraturanın yaradılması istiqamətində danışıqlar aparılır. Hazırda 2013-2014-cü tədris ili üçün doktoranturaya qəbul planı üzərində iş gedir. Yaxın günlərdə qəbul planı Azərbaycan Nazirlər Kabinetinə təqdim ediləcək”.
Qeyd edək ki, AMEA-da edilən son dəyişiklərə əsasən, AMEA Rəyasət Heyəti mərkəzi aparatının elmi-təşkilat şöbəsi, Elmi informasiya şöbəsi, xarici əlaqələr şöbəsi, katiblik, doktorantura və kadrlar şöbəsi ləğv edilib.
Rəyasət Heyətinin mərkəzi aparatında Elmi-təşkilat və Analitika İdarəsi (tərkibində Elmi təşkilat şöbəsi və Analitika şöbəsi), Beynəlxalq Əlaqələr İdarəsi (tərkibində xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsi və Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi), Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr və Ümumi şöbələr yaradılıb.