Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyi qeyd olunub.
APA-nın xəbərinə görə, tədbir AMEA, Səhiyyə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, akademik Mirəsədulla Mirqasımov şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyət göstərib. Onun sözlərinə görə, M.Mirqasımov XX əsrin birinci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında mühüm rol oynayıb: “1945-ci ildə İkinci Dünya müharibəsi bitməmiş ölkədə elmi proseslərin daha mütəşəkkil təşkili, tarix, mədəniyyət və təbiətin daha sistemli öyrənilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyası təsis edilir və akademiklərin ilk yığıncağında tibb sahəsində zəngin elmi-təcrübəsi ilə fərqlənən akademik M.Mirqasımov AEA-nın ilk prezidenti seçilir”.
A.Əlizadə qeyd edib ki, M.Mirqasımovun 130 illik yubileyinin keçirilməsi barədə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, təbirlər planının hazırlanması, akademikin vaxtilə yaşadığı binadakı xatirə lövhəsinin yenilənməsi, alimin həyat və yaradıcılığı haqqında kinofilmin çəkilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Səhiyyə naziri Oqtay Şirəliyev vurğulayıb ki, M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk milli mütəxəssis kimi səhiyyə tarixində layiqli yer tutub: “Hələ 30-cu illərdə görkəmli alim öz tələbələri ilə birlikdə Azərbaycanda urolitiazın meydana gəlməsi və yayılması, malyariya xəstəliyinin fəsadları, cərrahi müalicəsi və səhiyyədə digər problemlərin həlli ilə ciddi məşğul olub. Bakıdakı küçələrdən biri, eləcə də Respublika Klinik Xəstəxanası akademik Mirqasımovun adını daşıyır”.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, M.Mirqasımov Bakı Dövlət Universitetində tibb elminin tədrisinə cəlb olunmuş ilk milli kadrlardan biridir. 1930-cu ildə yenicə təşkil olunmuş Tibb İnstitutunda dərslərin rus dili ilə yanaşı, Azərbaycan dilində də tədrisinin qərara alındığını deyən nazir o dövrdə milli dərsliklərə ciddi ehtiyacın yarandığını xatırlayıb. M.Cabbarov qeyd edib ki, Mirəsədulla Mirqasımov ömrünün 35 ilini universitet mühitinə həsr edən, şərəfli həya yolu keçən dəyərli alimlərdən biri olub.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib ki, Mirəsədulla Mirqasımovun həyat tarixinə nəzər salanda “ilk dəfə”, “banisi” sözlərinə çox rast gəlinir. Onun sözlərinə görə, bu gün ədalətli şəkildə demək olar ki, Azərbaycanda cərrahiyyənin əsasını Mustafa Topçubaşov və Mirəsədulla Mirqasımov qoyub: “Bundan əlavə, akademik 1929-cu ildə tibb fakültəsi nəzdində “Operativ urologiya” kursunun rəhbəri təyin edilib və ölkədə urologiya elminin milli inkişaf tarixinin əsasını qoyub. Mirqasımov Tibb Universitetində ilk dəfə olaraq patoloji anatomiya muzeyini yaradıb və həmin muzey bu gün də fəaliyyət göstərir. O, ilk “Ümumi cərrahiyyə” dərsliyinin müəllifi olub. Ömrünün 20 ilini həsr etdiyi dərslik bu gün də cərrahların çox dəyərli vəsaitidir”.