Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi “Azərbaycanın müdafiə silahları” kataloqu çap olunub. Muzeydən APA-ya verilən məlumata görə, kataloqun məsul redaktoru akademik Nailə Vəlixanlıdır. Kataloqda Muzeyin “Silahlar və bayraqlar” fondunda qorunan müdafiə silahları öz əksini tapıb. “Silahlar və bayraqlar” fondunda qorunan silahlar sırasında Azərbaycanda istehsal olunmuş silahlar çoxluq təşkil edir. Onların tədqiqi Azərbaycan hərb sənətinin və sənətkarlığının indiyənədək məlum olmayan tərəflərinin müəyyən edilib elmi dövriyyəyə daxil edilməsi, geniş ictimaiyyətə təqdim olunması işini asanlaşdırır. Kataloqda müxtəlif növ qalxan, dəbilqə, cahar-ayna, zireh, qolçaq, ayaqlıq kimi müdafiə silahlarından məlumat verilir. Hər silah nümunəsinin inventar nömrəsi, düzəldilmə materialı, dövrü göstərilir.
Kataloq azərbaycan və ingilis dillərində çap olunub.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda “Torpağa sancılmış qılınc” adlı silah sərgisi keçirilir, sərgi yanvarın 15-dək fəaliyyət göstərəcək.