Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, son onilliklər ərzində ölkə kimyaçıları tərəfindən əhəmiyyətli tədqiqatlar aparılıb və müsbət nəticələr əldə edilib. O qeyd edib ki, bu tədqiqatlar Azərbaycan elmi üçün bir uğurdur.
Sonra AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev əldə olunan nəticələr barədə elmi məruzə ilə çıxış edib. O deyib ki, azot sənayesi müasir kimya sənayesinin aparıcı sahələrindədir. Kənd təsərrüfatının azot gübrələri, sənayenin isə müxtəlif azottərkibli maddələrlə təmin olunması bu sahənin gələcək inkişafından asılıdır. Akademik əldə olunmuş nəticələrin istehsal sahələrində, həmçinin kimya sənayesində innovativ proses kimi tətbiqinin mümkünlüyünü qeyd edib: “Azotun fiksasiyası xüsusilə kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılması üçün faydalıdır. Azotun oksidləşməsi fiksasiyası istiqaməti xeyli zəif tədqiq olunur”.
Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb.