Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26 min nəfərdən artıqdır.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdir. Belə ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2013-cü ilin yanvar-avqust ayları ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91,5 mln. manat məcburi dövlət sosial sığorta haqqı ödənilib”, - deyə DSMF-nin məlumatında bildirilib.
Qeyd edək ki, 2001-ci ildən bu gün - 20 sentyabr “Neftçilər günü” elan edilib və bu tarix Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur.