Bakı. Könül Kamilqızı – APA. Azərbaycan ərazisində daşqınlarla bağlı aparılan qar ölçmə işləri nəticəsində əldə olunan məlumatlara əsasən ölkədə qarın orta hündürlüyü, sıxlığı və sululuğu üzrə hesablamalar və onların keçən illə müqayisəsi aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, hesablamaların sonunda Azərbaycan ərazisinə düşən qar ehtiyatının normaya uyğunluğu müəyyən ediləcək.
Qar ölçmə işlərinin 28 marşrut üzrə aparıldığını deyən baş hidroloq qeyd edib ki, bu, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ Quba, Qusar rayonlarını, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl rayonlarını, o cümlədən Naxçıvan MR-nın Ordubad və Şahbuz rayonlarını əhatə edib: “Bundan əlavə, Gürcüstan ərazisində Kür və Qanıx çayını hövzəsində 2 marşrut üzrə qar ölçmə işləri aparılıb. Hesablama aparılanda onlar da nəzərə alınacaq. Türkiyə ərazisində Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatları da əldə olunacaq. Hesablama işləri gələn həftənin əvvəlinə kimi davam edəcək”.
A. Verdiyevin sözlərinə görə, hesablamalar başa çatandan sonra aprel, may, iyun aylarında gözlənilən yağıntı, temperaturun dəyişməsi ilə bağlı mövsümi proqnozlar hazırlanacaq.
Eyni zamanda, bütün təhlillər aparılandan sonra Gürcüstan və Azərbaycan ərazisində aprel ayında gözlənilən hava şəraiti ilə bağlı proqnoz veriləcək.