Bakı. Könül Kamilqızı – APA. Ötən gün Şamaxıda ayının hücumuna məruz qalan 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlu Bakıya gətirilib. Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov APA-ya açıqlamasında deyib ki, yaralı ötən gün xəstəxanaya yerləşdirilib. T.Bəbirov qeyd edib ki, S. Allahverdiyevin bədəninin müxtəlif yerlərində çoxsaylı cırılmış yaralar var. Onun sözlərinə görə, yaralının vəziyyəti stabildir.
Yaralının qardaşı Rauf Allahverdiyev isə APA-ya açıqlamasında deyib ki, hadisə qəflətən baş verib. Onun sözlərinə görə, qardaşı qoyun otaran zaman ayı ona hücum edib: “Ayı bir heyvanı da parçalayıb. Heç kimin köməyi olmadan qardaşım güclə ayının əlindən canını qurtara bilib. Şamaxı Mərkəzi rayon Xəstəxanasında ona ilk yardım olunub, yaralar tikilib. Sonra xəstəxanasının göndərişi ilə Kliniki Tibbi Mərkəzə göndərilib”.
R.Allahverdiyev qeyd edib ki, Sahib Allahverdiyev 2-ci qrup əlil və ruhi xəstədir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Şamaxı rayonunda ayı iki nəfəri parçalayıb. Hadisə rayonun Qaladərəsi və Çeşmədil kəndərində baş verib. Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər. Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb.