Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tədqiqat nüvə reaktorları üzrə işçi görüşündə iştirak edib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, Azərbaycanda tədqiqat nüvə reaktoru olmasa da, institutun mütəxəssisləri müxtəlif ölkələrin tədqiqat nüvə reaktorlarında araşdırmalar aparırlar: “Biz bu sahədə həm qonşu Rusiyanın, həm də reaktora malik digər ölkələrin təcrübəsindən istifadə edəcəyik. Artıq bu tədqiqatların maliyyələşməsi və texniki dəstək AEBA tərəfindən həyata keçiriləcək. Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması haqqında qərar olmadığı üçün biz öz tədqiqatlarımızı başqa ölkələrin reaktorlarında aparmağa məcburuq. Ötən il də institutun əməkdaşları belə təcrübələrdə olublar. Bu il də 4 nəfər əməkdaşımız müxtəlif ölkələrdəki tədqiqat nüvə reaktorlarında təcrübələr aparıblar”.