Bakı. Hafiz Heydərov - APA. İyunun 22-24-də Çin Xalq Respublikasının Cinan şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) “Texniki yardım və məlumat mübadiləsi” mövzusunda 5-ci seminarı keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünyanın 70-dən çox ölkəsinin nümayəndələrinin, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC), Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin ədliyyə, məhkəmə, prokurorluq orqanları rəhbərlərinin və digər beynəlxalq təşkilatların əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev və Daxili təhlükəsizlik xidmətinin rəisi Elşən Abbasov təmsil ediblər.
Mərasimin təntənəli açılışında Çin Xalq Respublikasının baş prokuroru, İAACA-nın prezidenti Çao Cianminq, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamilton və digər şəxslər çıxış edib. Tədbirin plenar iclaslarında Avstriyanın baş prokuroru, Belarusun baş prokuroru, eyni zamanda ölkəmizin nümayəndə heyətinin üzvləri və digər iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələri cinayətkarlığın, o cümlədən korrupsiyanın qarşısının alınmasında texniki yardım və məlumat mübadiləsinə dair mühazirələr və təqdimatlarla çıxışlar olub.
Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək, son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən qanunverici və praktiki islahatlar, əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib, səmərəli təcrübə mübadiləsi aparıblar.