Bakı. Könül Kamilqızı – APA. 2013/2014-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buraxılış vərəqəsini əldə etmək üçün abituriyentlər komissiyada yaradılan müvafiq bölməyə daxil olaraq ərizələrini çap etməlidir.
Rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanı iyunun 23-də keçiriləcək. Bu imtahanda mayın 19-da keçirilən birinci imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iştirak edə bilərlər.
İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. “Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.