Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin açılış mərasimi olub. APA-nın məlumatına görə, mərasimdən əvvəl çıxış edən ADU-nun rektoru, millət vəkili Səməd Seyidov deyib ki, universitetdə 15-dən çox ölkənin mərkəzləri fəaliyyət göstərsə də, Çin Mərkəzi yox idi: “Bu mərkəzin açılışında xidməti olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Mərkəz tək universitetin tələbələri üçün yox, bütün Azərbaycan vətəndaşları üçün açıq olacaq”.
Daha sonra simvolik qırmızı lent kəsilib və qonaqlar mərkəzlə yaxından tanış olublar.
Tədbirdə çıxış edən Çin Xalq Respublikanın Azərbaycandakı səfiri Xun Tsyuin mərkəzin açılışına qatılmaqdan məmnunluğunu bildirib və qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 21 il sonra da dostluq münasibətləri inkişaf etməkdədir: “Bugünkü tədbir də bu münasibətlərin uğurlu inkişafının nümunələrdən biridir”.
Milli Məclisin üzvü, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Əhmədov isə bu mərkəz vasitəsilə tələbələrin dünyada ən çox yayılmış Çin dilini öyrənəcəklərini, bu ölkənin mədəniyyətini öyrənəcəklərini söyləyib: “Bu, təkcə tədris mərkəzi olmayacaq, eyni zamanda Çin-Azərbaycan dostluğunun əhəmiyyətli bir köşkünə çevriləcək. Çin və Azərbaycan dövlətləri arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə çox səmərəli əməkdaşlıq mövcuddur və güman edirəm ki, belə bir mərkəzin yaradılması eyni zamanda dövlətlərarası münasibətlərin inkişafına da öz töhfəsini verəcək”.
Sonra universitet tələbələrinin ifasında Çinin milli musiqiləri ifa olunub, Heydər Əliyevin və İlham Əliyevin Çinə səfərlərindən görüntülər nümayiş etdirilib.