Bakı. Kəmalə Quliyeva - APA. Dünən Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, temperatur rejimində yüksəlmə ölkə ərazisində cənub və şərq küləklərinin əsməsi ilə əlaqədardır. Sabah da Bakı və Abşeron yarımadasında temperaturun iqlim normasından təxminən 3 dərəcə yüksək olması proqnozlaşdırılır: “Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur. Ötən il aprelin 2-də Bakı və Avşeron yarımadasında 25,5 dərəcə isti qeydə alınıb. Amma ümumilikdə aprel ayında ən isti temperatur 1994, 1998 və 2012-ci illərdə olub. 1994-cü il aprelin 22-də, 1998-ci il aprelin 14-ü və 24-də və 2012-ci il aprelin 10-da Bakıda və Abşeron yarımadasında 31,5 dərəcə isti qeydə alınıb”.
A. Verdiyev deyib ki, ilkin proqnozlara əsasən, isti hava şəraiti aprelin 5-dək davam edəcək.