APA-nın məlumatına görə, sərəncamda deyilir ki, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verib, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 300 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılıb.