Bakı. Anaxanım Hidayətova - APA. Bu gündən başlayaraq aprelin 26-dək Azərbaycanda “İmmunlaşdırma Həftəsi” keçiriləcək.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya verilən məlumata görə, 2007-ci ildən başlayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsündə iştirak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.
İmmunlaşdırma həftəsi çərçivəsində aprelin 25-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “İmmunlaşdırma həftəsi”nə həsr olunmuş konfrans keçiriləcək.
Bu tədbirdə iştirak etmək məqsədi ilə ÜST Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Niayzi Cakmak səfər edəcək.
Yardımlı, Xızı və Xocavənd rayonlarında 5 yaşadək uşaqlar arasında poliomielitə qarşı əlavə immunlaşdırma turları olacaq (1-ci tur 21-26 aprel və 2-ci tur 26-31 may).
İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcək. Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılmasına aid tədbirlər aparılacaq, həmçinin SMS vasitəsi ilə xəbərdarlıq ediləcək.
Bu il Avropa İmmunlaşdırma Həftəsinin əsas mövzusu “Həyat naminə immunlaşdırma"dır.
ÜST- nin Avropa Regionunda keçirilən tədbirlər bütün yaş qruplarını əhatə edəcək – valideynlərə uşaqlarına vaxtında peyvənd etməyi yada salacaq, eləcə də, onların özlərini yoluxucu xəstəliklərdən qorumaq üçün immunlaşdırmanın vacibliyini vurğulayacaq.