Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın II nəşrinə daxil edilən bitki növlərinin sayı artırılıb. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru Validə Əlizadə deyib. O bildirib ki, "Qırmızı Kitabı"n I nəşrinə 140 növ bitki daxil edilmişdisə, II nəşrdə onların sayı artırılaraq 300-ə çatdırılıb. V.Əlizadənin sözlərinə görə, onlardan 266-sı ali bitki, 14-ü göbələk, qalanı isə ibtidai bitki növləridir: “"Qırmızı Kitabı"n II nəşrinin bitkilərlə bağlı olan hissəsi Botanika İnstitutu tərəfindən hazırlanıb. Baş redaktoru akademik Cəlal Əliyev olan nəşrin tərtibatçılarının siyahısına əsasən Botanika İnstitutun elmi işçiləri daxildir. Kitabın nəşri və təşkili isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir”.
İnstitutun direktoru qeyd edib ki, Azərbaycanda bəzi bitkilərin yeni növləri yaranıb, onların yayılma arealı dəyişib. Onun sözlərinə görə, iqlimin, antropogen proseslərin dəyişməsi bitkilərin də yayılması və inkişafına müəyyən təsir göstərir. Yeni yaranan bitki növləri, təhlükə altında olan, qorunmalı olan bütün bitkilər yeni nəşrdə öz əksini tapacaq.