Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul ediləcək. APA-nın xəbərinə görə, bu barədə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası layihəsində nəzərdə tutulub. Yeni dövlət proqramının qəbulu ilə uşaq və yeniyetmələr arasında profilaktik müayinələrin və dispanserizasiyanın aparılması işi gücləndiriləcək. Yoluxucu xəstəliklərlə mübarizənin gücləndirilməsi məqsədilə uşaqlar arasında immunoprofilaktika tədbirlərinin aparılması üçün bu sahədə müvafiq tədbirlər həyata keçiriləcək.
Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə milli fəaliyyət planı (2014–2020-ci illər) hazırlanacaq, uşaqlara göstərilən stasionar xidmətin gücləndirilməsi ilə bağlı uşaq tibb müəssisələri profilləşdiriləcək. Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcək.