APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, sənədin qanunvericilik təşəbbüsü Azərbaycan prezidentinə məxsusdur.
Cinayət Məcəlləsinə əlavə olunan maddəyə əsasən, bütün mallara vurulan nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulubsa, 3000 manat miqdarında cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə 7000 manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanması və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcək.
Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.