Bakı. Ramil Məmmədli - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Çörək Məhsullarının Standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb.
APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Məsim Babayev bildirib.
M.Babayev deyib ki, Texniki Komitədə çörəyin yeni standartının işlənməsi, hazırlanması işləri gedir: “Texniki Komitəyə çörək istehlakçıları ilə yanaşı QHT-lər və müvafiq qurumların nümayəndələri dəvət olunub. Texniki Komitədə çörəyin məcburi surətdə qablaşdırılması barədə müzakirə aparılır. Çünki çörək açıq şəkildə satılan zaman texniki çirklənməyə məruz qalır. Bunun qarşısının alınması üçün mütləq çörəyin kağız paketlərdə məcburi qablaşdırılması təklif olunur. Bu təklif Dövlət Komitəsinə təqdim olunacaq. Yəqin ki, çörəklə bağlı yeni standartda çörəyin məcburi qablaşdırılması nəzərdə tutulacaq”.