Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, iclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin zəruriliyini nəzərə çatdırıb.
Qeyd olunan peşə məktəbləri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib. Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, müvafiq ixtisasların akkreditə olunması barədə qərar qəbul edilib.