Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda dövlət qulluğuna qəbul imtahanlarının regionlarda da keçirilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib. Onun sözlərinə görə, regionlarda test imtahanlarının keçirilməsi üçün ilk növbədə orada müvafiq bina, texniki təminat olmalıdır: “Komissiyanın hazırda regional bölmələri yoxdur. Lakin gələcəkdə regional şöbələri olan müəyyən nazirliklərlə birgə onların binalarında imtahanlar keçirilə bilər. Hazırda imtahanlar Bakıda keçirilir və 2,5 saat imtahan verən şəxs imtahandan dərhal sonra nəticələrini əldə edə bilir. Test imtahanlarının və müsahibələrin nəticələri dərhal saytda yerləşdirilir”.
Komissiyanın sədr müavini deyib ki, hazırda sonuncu müsabiqənin müsahibə mərhələsi başa çatmaq üzrədir, aprel ayının 20-dək müsahibələr yekunlaşacaq.
Gələn həftə dövlət qulluğuna yeni müsabiqə və müsahibə elan olunacaq.