Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda fahişəliyə cəlb etmə ilə məşğul olanlara tətbiq olunan cəzalar sərtləşdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 243-cü maddəsinə dəyişikliklər müzakirəyə çıxarılacaq.
Dəyişikliyə əsasən, yuxarıda göstərilən formada fahişəliyə cəlb edənləri 2500 manatdan 3500 manata qədər cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyəcək. Hazırkı qüvvədə olan maddəyə görə isə bu epizod üzrə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 160 saatdan 240 saatadək ictimai işlərə cəlb etmə cəzası nəzərdə tutulur. Cəzaların sərtləşdirilməsi ilə yanaşı, Məcəlləyə bununla bağlı digər bir dəyişiklik də nəzərdə tutulur. Belə ki, yuxarıda göstərilən sanskiyaları artırılan 243.1. maddədə “zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir” sözləri “Gəlir” sözü ilə əvəz ediləcək və yeni variantda belə veriləcək: “Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə”. Layihə Milli Məclisin aprelin 19-da keçiriləcək iclasında müzakirəyə çxıarılacaq.