Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti "Ölkə daxilində aşkarlanan yarana biləcək təhlükənin təyin edilməsi Qaydası"nı təsdiqləyib. APA-nın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qayda ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi üsullarını müəyyən edir.
Qaydaya əsasən Azərbaycan ərazisində aşkarlanan o tip bitkilərlə bağlı aparılan tədqiqat işlərinin istiqamətlərinin müəyyən edilməsi, yarana biləcək təhlükənin təyin olunması və müvafiq rəylərin verilməsi məqsədilə Elmi-Texniki Şuranın nəzdində ixtisaslaşdırılmış ekspert şurası yaradılır. Ekspert şurasında Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə naziliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil olunurlar.
Qaydaya əsasən ölkə ərazisində genetik modifikasiya olunmuş bitkilər aşkarlandıqda ekspert şurasının üzvlərindən və cəlb edilmiş yüksək ixtisaslı alim və mütəxəssislərdən ibarət tədqiqat qrupu yaradılır. Həmçinin ekspert şurası tərəfindən yarana biləcək təhlükənin təyin edilməsi məqsədilə tədqiqatın başa çatdırılmasına ayrılmış vaxt da göstərilməklə hərtərəfli iş planı hazırlanır və Elmi-Texniki Şuranın təqdimatına əsasən AMEA Rəyasət Heyəti bu iş planını təsdiq etməlidir.
Ekspert şurası tədqiqatın nəticələri əsasında müəyyən edilmiş təhlükənin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə rəy verməlidir. Həmin rəy əsasında Elmi-Texniki Şura tərəfindən yarana biləcək təhlükənin aradan qaldırılması barədə hazırlanmış tədbirlər planı AMEA Rəyasət Heyətində təsdiq olunmalı və tədbirlər görülməsi üçün müvafiq dövlət qurumlarına təqdim edilməlidir.