Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda hemofiliyalı xəstələr arasında əsasən kişilər üstünlük təşkil edir. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova jurnalistlərə açıqlamasında deyib ki, qadınlar arasında da bu xəstəliyin müəyyən növünə rast gəlinir. Onun sözlərinə görə, hemofiliyanın Von Willebrand növünə əsasən qadınlar tutulur: “Bu gün Azərbaycanda xəstəliyin bu növünə 205 nəfər düçar olub. Əgər ailədə 5 uşaq varsa, bəzən onların hər biri bu xəstəlikdən əziyyət çəkə bilər”.
E. Qədimova bu gün hemofiliyalı xəstələrin müalicəsi üçün ağır əməliyyatların da həyata keçirildiyini deyib. O bildirib ki, bu günlərdə mərkəzdə hemofiliyalı xəstələrdən birinin öd kisəsi əməliyyatla götürülüb: “Bu çox ağır cərrahiyyə əməliyyatıdır. Əgər əvvəllər hemofiliyalı xəstə diş çəkdirmək üçün xəstəxanalarda aylarla yatırdısa, indi bu hadisə müşahidə olunmur. Bu kimi xəstələrə vaxtında qan və qan plazması köçürülür. Azərbaycanda son illərdə donorluğun səviyyəsi 6 dəfə artıb. Hemofiliyalı xəstələrin müalicəsi üçün qan lazım olduqda, Mərkəzi qan bankına müraciət edilir və sifariş əsasında mərkəzə qan göndərilir. Bu gün ölkədə hemofiliya problemi demək olar ki, aradan götürülüb və xəstələr sağlam insan kimi həyat sürürlər. Məktəblilər tədrisə davam edir, böyük yaşlı insanlar isə adi həyat tərzi keçirirlər”.