Bakı. Könül Kamilqızı-APA. Azərbaycanda ilkin səhiyyədə antenatal nəzarətin aşağı səviyyədə olmasının səbəbləri açıqlanıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bunun səbəblərinə risk qrupundan olan hamilə qadınlar üçün lazımi laborator-diaqnostik xidmətinin olmaması, dar ixtisas həkimlərinin hamilə qadınlara konsultasiya mexanizminin müəyyənləşməməsi, kliniki protokolların istifadəsi üzrə nəzarətin zəif olması, qadın məsləhətxanalarında dəyişmə kartlarının gec verilməsi və ya heç verilməməsi, bir sıra rayonlarda nəqliyyat vasitəsi olmadığından hamilə qadınların doğum evlərinə gec çatdrılması və digərləri daxildir. Qeyd edilən problemlərin həll edilməsi baş həkimlər tərəfindən mümkündür. Hər bir hamilə qadın üçün isə tibb müəssisəsinin rəhbəri məsuliyyət daşıyır.
Azərbaycanda antenatal yardımın təhlili göstərib ki, Bakı şəhəri ilə rayonlar arasında fərq var. Belə ki, Bakıda bir hamilə qadına 2-3 həkim xidmət göstərir və sonradan məlum olur ki, onların heç biri hamilə qadına nəzarətə görə məsuliyyət daşımır. Rayonlarda isə hamilə qadınlara xidmət üçün həkim mama-ginekoloq və orta tibb heyəti çatışmır.