Bu barədə APA-ya Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Ramiz Məmmədov məlumat verib. Onun sözlərinə görə, ötən il ərzində əhalinin sağlamlığını təmin etmək məqsədilə tibbi coğrafiya istiqamətində tədqiqatlar aparılıb.
Tədqiqatlar zamanı anofeles ağcaqanadlarının yayılma arealının iqlim sərhədləri ilə yanaşı, malyariya xəstəliyinə yoluxma mövsümünün başlama dövrü və davamiyyəti də müəyyən edilib: “Azərbaycanda malyariya xəstəliyinin törədicilərinin iqlim sərhədləri Böyük Qafqaz dağlarında dəniz səviyyəsindən 1800 m, Kiçik Qafqaz və Talış dağlarında 2200 m, Naxçıvan MR-da isə 2600 m yüksəkliklərdən keçir. Ölkə ərazisi malyariya xəstəliyinin yayılması səviyyəsinə görə 3 iqlim malyariogen zonaya (endemik, epidemik və malyariyasız) ayrılıb. Malyariya xəstəliyinə yoluxma mövsümünün mümkün başlama tarixi və onun davamiyyəti, həmçinin gözlənilən iqlim dəyişmələrinin müvafiq ssenarilərinə əsaslanaraq 2021-2050 və 2071-2100-ci illər üçün malyariogen ərazilərin mümkün sərhədləri və epidemiya mövsümünün davamiyyəti müəyyən edilib”.