Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb.
Fonddan «APA-Economics»ə verilən məlumata görə, nəzərdə tutulan qrafikə əsasən, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması planlaşdırılırdı. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam yekunlaşıb və 175 mln. manat pensiyaçıların hesablarına köçürülüb.
Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb.
Qeyd edək ki, 2013-cü il yanvarın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər olub. Onlardan 63%-i yaşa görə, 26,6%-i əlilliyə gərə, 10,4%-i ailə başçısını itirdiyinə görə əmək pensiyası alır.