Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyət Qaydası” və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın icrasını təmin etmək məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılmasının həmin şəxslərin sosial müdafiəsi, onlara hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi sahəsində mühüm addım olacağını vurğulayıb.
Yaradılacaq yardım mərkəzləri məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədinə xidmət edəcək. Həmin mərkəzlərdə şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilməsi, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi nəzərdə tutulur.