Bak. Ülkər Qasımova - APA. Azərbaycanda siqaret əleyhinə filmlər müsabiqəsi keçiriləcək. Müsabiqə yeni fəaliyyətə başlayan "Addım" Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.
Assosiasiyadan APA-ya verilən məlumata görə, Bakıda ilk dəfə "Park Cinema" kinoteatrlar şəbəkəsində 31 May - Beynəlxalq tütün əleyhinə mübarizə günündə “No Smoking” Film Festival gerçəkləşəcək. Siqaret əleyhinə çəkiləcək filmlərin müsabiqəsi çərçivəsində silsilə sosial aksiyaların gerçəkləşdirilməsi də düşünülüb.
Tədbirdə təşkilatçı qismində daim siqaret əleyhinə mübarizə aparan xalq artisti Brilliant Dadaşova da iştirak edir. Festivalın bu yaxınlarda geniş kütləyə təqdim olunacaq video rolikində siqaretdən istifadə etməyən məşhurlar - Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Səbinə Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev, Elnur Məmmədov, Hüsniyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur, Feliks Vişnevetskiy, Elza Seyidcahan və başqaları çəkilib. Festivalın gedişatı və şərtləri barədə məlumat 22 apreldə keçirilməsi nəzərdə tutulan mətbuat konfransında açıqlanacaq.
Festivalın direktoru Hüseyn Cavadzadənin sözlərinə görə, artıq 5-ci ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışır və gənclərin bu mövzuya marağının çox böyük olduğunu müşahidə edib: "Həmçinin bu gün bütün dünyada tütün əleyhinə mübarizə aparılır. Biz də "Addım" Yaradıcı Gənclər Assosiasiyası olaraq belə qərara aldıq ki, bu mövzunu gənc kinematoqrafçılar arasında aktuallaşdıraq. İnanıram ki, mayın 31-də "Park Cinema"da gerçəkləşəcək festivalın qala gecəsində çox keyfiyyətli bir layihə ilə qarşılaşacaqsınız".