Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, yanvarın 9-da axşama doğru yağıntı respublikanın əksər rayonlarını əhatə edib, yanvarın 10-da isə hava şəraiti daha da kəskinləşib. Bəzi yerlərdə intensiv və güclü qar yağıb. Bakı və Abşeron yarımadasında isə yanvarın 9-da axşam saat 18:00 radələrində yağıntı başlayıb, 21:00 radələrindən sulu qara keçib. Yanvarın 10-da gecə və səhər sulu qar və qar yağıb.
G. Məmmədova respublikanın bəzi regionlarında ən çox düşən yağıntının miqdarını da açıqlayıb. Belə ki, Sarıbaşda 23, Gədəbəydə 22, Göygöldə 20, Şəkidə 19, Zaqatala-Ağstafada 15, Daşkəsəndə 12, Qubada 11, Kirçayda 16, Yevlaxda 10, Oğuz-Qəbələdə 9, Naxçıvan-Astarada 8, Lənkəran-Altıağacda 7, İsmayıllı-Şahbuz-Bərdə-Zərdab-Göytəpə-Yardımlıda 6, Şərur-Gəncə-Şəmkir-Xaçmaz-İmişli-Kürdəmir-Tərtər-Salyan-Qazməmmədlidə 5, Lerikdə 4, Naftalan-Tovuz-Beyləqan, Cəfərxandızda 3, Sabirabad-Şamaxıda 2, Culfa-Ordubad-Biləsuvarda 1, Mərəzədə 0,7 mm yağıntı qeydə alınıb.
Bakı və Abşeron yarımadasına gəlincə, yağıntının miqdarı Bakıda 8, Neft Daşlarında 7, Pirallahı və Sumqayıtda isə 3 mm olub.
Qar örtüyü isə Sarıbaşda 62, Zaqatalada 39, İlisuda 34, Göygöldə 24, Daşkəsəndə 20, Ceyrançöldə 12, Ağstafada 7, Şahbuzda 18, Kişçayda 17, Naxçıvan şəhərində 10, Altıağacda 10, Şəkidə 9, Şərurda 6, İsmayıllıda 5, Qəbələdə 4, Lerik-Kələbəcər-Oğuzda 2, Gəncədə isə 1 sm təşkil edib.