APA-nın xəbərinə görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, prezidentin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı uşaqların müdafiəsinə, onların sağlamlığının və gələcəyinin təminatına ölkə rəhbəri tərəfindən göstərilən qayğının nəticəsidir.
Onun sözlərinə görə, sərəncam sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial xidmətlərdə nəzərəçarpan irəliləyişə nail olmağa şərait yaradır.
Nazir qeyd edib ki, bu sənəd sosial xidmətlər sahəsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın daha sistemli şəkildə qurulması üçün mühüm stimuldur: “Bu prosesdə 70-ə yaxın QHT-lərin təklifləri əsasında uzun müddətli müzakirələr aparılıb və artıq işlərin görülməsi üçün komissiyalar yaradılıb. Bu gündən etibarən 4 layihənin icrasına başlanılır. Bunlardan ikisi sosial cəhətdən çətin vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara, digər ikisi isə sağlamlıq imkanları məhdud olan uşaqlara sosial xidmətlərin göstərilməsini nəzərdə tutur”.
Tədbirin davamında müsabiqələrin nəticələri elan edilib və icra ediləcək layihələr haqqında məlumatlar ictimaiyyətə təqdim edilib.