Bakı. Könül Kamilqızı - APA. Bu gün “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə sosial təminat sahəsində ünvanlı sosial yardımın (ÜSY) rolu və bu istiqamətdə qarşıya problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçirilib.
APA-nın xəbərinə görə, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, son illər müvafiq dövlət qurumları tərəfindən ÜSY-nin təyin edilməsi və verilməsi sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb: “Buraya müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması, korrupsiya hallarına yol verən işçilərin cəzalandırılması və digər məsələlər daxildir. Amma bununla belə, bu sahədə müəyyən çatışmazlıqlar qalmaqdadır. Tədbirin keçirilməsində əsas məqsəd ünvanlı sosial yardımın təyin edilməsi prosesinin şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etməkdən ibarətdir”.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov vurğulayıb ki, Azərbaycanda korrupsiyanın əsas səbəblərindən biri vətəndaş cəmiyyəti və ictimai nəzarətin olmamasıdır. Onun sözlərinə görə, problemi həll etmək üçün ilk növbədə ictimai nəzarət sistemi yaradılmalıdır: “Vətəndaş cəmiyyətinin üzvləri hər zaman məsələlərlə bağlı öz tövsiyələrini versə də, müvafiq dövlət qurumları buna könülsüz yanaşırlar. Bunun nəticəsində də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ÜSY-nın verilməsində olan şikayətlərin sayına görə korrupsiya siyahısında öndə gedir. Bunun qarşısını almaq üçün sənədlərin dövriyyəsi azaldılmalı, o cümlədən ÜSY-nın verilmə qaydaları sadələşdirilməlidir”.
Tədbirin sonunda qərara gəlinib ki, ÜSY sahəsində şəffaflığı və hesabatlığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.