Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda əhalinin sağlamlıq monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə informasiya sistemi yaradılacaq.
APA-nın xəbərinə görə, bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası layihəsində əks olunub. Dövlət tərəfindən sosial xəstəliklərlə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya-maarifi işi, narkomaniya, alkoqolizm və tütünçəkmə ilə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcək. Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə profilaktika tədbirlərinin aparılması işi gücləndiriləcək, müvafiq tədbirləri nəzərdə tutan 2015–2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin inkişaf proqramı hazırlanacaq.
Bununla yanaşı, qeyri-infeksion xəstəliklərlə (tütünçəkmə, piylənmə, fiziki aktivliyin olmaması, spirtli içkilərdən sui-istifadə və s.) mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən xüsusi Strategiya qəbul ediləcək.