Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda virus infeksiyaları ilə xəstələnən uşaqların sayı kəskin azalıb. Respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, yanvarın sonu, fevral ayı ilə müqayisədə say xeyli aşağı düşüb. Hər il payız-qış mövsümündə xəstəliklərin sayının çoxaldığını deyən baş pediatr qeyd edib ki, bu il də havaların əlverişsiz keçməsi və qarın yağmaması virus xəstəliyin yayılmasına və artımın müşahidə edilməsinə təkan verib: “Bu xəstəlik uşaqlarda müəyyən fəsadlar yaradırdı, yüksək hərarət bir çox hallarda qıcolmalara səbəb olurdu”.
N.Quliyev onu da qeyd edib ki, uşaqlara həkim olmayan insanın təyinat verməsi, yardım göstərməsi yolverilməzdir: “Təəssüflər olsun ki, bu hallara bu gün də rast gəlinir, belə hallar az da deyil. Bəzən söylənilir ki, nənə, qonşu belə məsləhət gördü etdik. Belə hallara yol vermək olmaz. Çünki uşağın vaxtında müalicə almaması onun xəstəliyini daha da ağırlaşdıra bilər. Ümumiyyətlə, uşaqlarda xəstəlik əlamətləri görünən kimi uşaq həkiminə müraciət edilməlidir”.