Bakı – APA. Azərbaycanda yeni sosial müavinət növü təsis edilib. APA-nın məlumatına görə, bu, “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliklə də öz əksini tapıb.
Qanuna edilən əlavələrə görə, yeni işsizlik müavinəti də sosial müavinətlər sırasına əlavə edilib. Belə ki, qanunun sosial müavinətlərin növləri göstərilən 4-cü maddəsində “4.0.1.11. “Məşğulluq haqqında” qanuna uyğun olaraq işsizlik müavinəti” adlı bənd də əlavə edilib. Eyni zamanda qanunun 7-ci maddəsinə əlavə edilən 7.0.10-1. bəndində gösətilir ki, “işsizlik müavinəti - şəxs “Məşğulluq haqqında” qanun ilə müəyyən edilmiş qaydada işsiz statusu” ala bilər.
Qanun layihəsinə edilən digər əlavələrdə o da göstərilir ki, işsizlik müavinətinin məbləği, ödənilməsi, təyini və müddəti də “Məşğulluq haqqında” qanuna uyğun olaraq müəyyən edilir. Qanun layihəsinə edilən bu əlavələr Milli Məclisin son plenar iclasında təsdiq olunub.
Qeyd edək ki, hazırda sosial müavinətlərin Aylıq müavinətlər, Dövlət qulluqçularına ömürlük müavinətlər, Yaşa görə müavinətlər, Əlilliyə görə müavinətlər, Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, Ailə başçısını itirməyə görə müavinət, Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, Üç yaşınadək uşağa qulluğa görə müavinət, Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət və Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət növləri mövcuddur.